Əsas səhifə Xalq üçün Title

Xalq üçün

Takayasu arteriti

Təbiətdə bəzi canlılar varki, təhlükə hiss etdikdə rəngini dəyişərək ətraf mühitə uyğunlaşır. Məsələn, buqələmun ətraf şəraitə uyğun olaraq rəngini  dəyişə bilir və bu xüsusiyyət onu digər canlılardan fərqləndirir. İnsan orqanizmində isə bəzi xəstəliklər var ki, onlar da buqələmun kimi “gizlənməyi”  bacarır - yəni əlamətlərini dəyişərək başqa xəstəliklərə bənzəyir və diaqnozu çətinləşdirir. Takayasu arteriti məhz belə xəstəliklərdən biridir.

Takayasu arteriti nadir rast gəlinən, lakin ciddi fəsadlara səbəb ola bilən xroniki iltihabi damar xəstəliyidir. Bu xəstəlik böyük damarları, xüsusilə də ürəkdən çıxan əsas damar olan Aortanı və onun şaxələrini zədələyir. Daha çox gənc qadınlarda müşahidə olunur.

Xəstəlik ilk dəfə yapon həkimi Mikito Takayasu tərəfindən təsvir edildiyi üçün onun adını daşıyır.

Takayasu arteriti nədir?

Takayasu arteriti damar divarında iltihab yaradır. İltihab nəticəsində damar:

• qalınlaşa bilər

• darala bilər

• tamamilə tıxana bilər

• nadir hallarda genişlənə (anevrizma) bilər

Bu dəyişikliklər qan dövranını pozur və müxtəlif orqanlarda problemlərə səbəb olur.

Bu xəstəlik damar iltihabları qrupuna daxildir və tibbdə Vaskulit kimi tanınan xəstəliklər ailəsinə aiddir.

Kimlərdə daha çox rast gəlinir?

• 10–40 yaş arası şəxslər

• Qadınlar (kişilərə nisbətən daha çox)

• Daha çox Asiya mənşəli insanlarda, lakin hər ölkədə rast gəlinə bilər

Əlamətləri hansılardır?

Takayasu arteriti iki mərhələdə özünü göstərə bilər:

Erkən mərhələ (iltihab dövrü)

• Halsızlıq

• Qızdırma

• Çəki itkisi

• Əzələ və oynaq ağrıları

• Gecə tərləməsi

Bu mərhələdə xəstəlik çox vaxt başqa xəstəliklərlə qarışdırılır.

Sonrakı mərhələ (damar daralması dövrü)

• Qol və ya ayaqlarda zəiflik

• Əllərdə soyuqluq

• Başgicəllənmə

• Baş ağrısı

• Görmə problemləri

• Nəbzin zəifləməsi və ya bir qolda hiss olunmaması

• Qan təzyiqinin qollar arasında fərqli olması

Buna görə xəstəlik bəzən “nəbzsiz xəstəlik” adlandırılır.

 Necə diaqnoz qoyulur?

• Qan analizləri (iltihab göstəriciləri)

• Doppler ultrasəs

• MRT və ya KT angioqrafiya

• Damarların kontrastlı müayinəsi

Erkən diaqnoz çox vacibdir, çünki vaxtında müalicə ağırlaşmaların qarşısını ala bilər.

Müalicəsi varmı?

Tam sağaldan müalicə yoxdur, lakin xəstəliyi nəzarətdə saxlamaq mümkündür.

Əsas müalicə üsulları:

• Kortikosteroidlər (iltihabı azaltmaq üçün)

• İmmunitet sistemini zəiflədən dərmanlar

• Ağır hallarda damar əməliyyatı və ya stent

Müalicə uzunmüddətli ola bilər və həkim nəzarəti mütləqdir.

Hansı ağırlaşmalar ola bilər?

• Yüksək qan təzyiqi

• İnsult

• Ürək problemləri

• Böyrək zədələnməsi

• Damar anevrizması

Vaxtında müalicə bu riskləri azaldır.

Nəticə

Takayasu arteriti nadir, lakin ciddi bir damar xəstəliyidir. Erkən mərhələdə əlamətlər qeyri-spesifik ola bilər, buna görə davamlı halsızlıq və nəbz fərqləri kimi əlamətlər olduqda həkimə müraciət etmək vacibdir.

Xəstəlik hər nə qədər gizli və dəyişkən xarakter daşısada, müasir tibbin imkanları və maariflənmə sayəsində onu nəzarət altında saxlamaq mümükündür. Erkən diaqnoz və vaxtında tibbi yardım Takayasu arteritinin idarə olunmasında ən güclü vasitələrdir.

×