11-04-2025
Azərbaycan Kardiologiya Cəmiyyətinin Preventiv Kardiologiya və Reabilitasiya işçi qrupunun rəhbəri (Azərbaycan Tibb Universitetinin dosenti, Milli İdman Tibbi və Reabilitasiya Elmi-Praktik institutunun baş həkimi) dosent Rəhimə Qabulova 3-5 aprel 2025-ci il tarixlərində Milanda keçirilən "ESC Preventive Cardiology 2025" beynəlxalq konqresində iştirak etmişdir. Konqres çərçivəsində o, “Global risk realities in 2025” adlı sessiyada sədr, həmçinin “Hypertension management in daily practice” adlı sessiyada məruzəçi qismində “hipertoniya xəstəliyində dərman müalicəsinə sadiqliyin artırılması yolları” barədə təqdimatla çıxış etmişdir. Bu sessiya interaktiv formatda keçirilmiş və iştirakçılar ilə aktiv elmi fikir mübadiləsi aparılmışdır. Bununla yanaşı dosent Qabulova Avropa Kardiologiya Cəmiyyətinin European Journal of Preventive Cardiology (EJPC) jurnalının redaksiya heyətinin toplantısında iştirak etmişdir. Qeyd edək ki, o, 2024-cü ildən etibarən həmin jurnalın assosiativ redaktoru kimi fəaliyyət göstərir.
Həmin gün dosent Rəhimə Qabulova həmçinin müxtəlif ürək-damar risk qruplarına aid ölkələrin milli koordinatorlarının dəvət olunduğu, Professor Massimo Piepoli və Maryam Kavousi tərəfindən idarə olunan National CVD Prevention Coordinators Workshop adlı seminarda da iştirak etmişdir. Çox yüksək ÜD riski olan ölkələr kateqoriyasında Azərbaycan, Gürcüstan, Latviya, Litva və Rumıniya təmsil olunmuşdur. Seminar zamanı bu ölkələrin nümayəndələri ilə xroniki ürək çatışmazlığı zamanı kardioloji reabilitasiya xidmətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılmışdır. Seminarın sonunda çox yüksək riskli ölkələrin milli koordinatorları adından çıxış edən dosent Qabulova bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışdır.
Dosent Qabulova təcrübə mübadiləsi çərçivəsində İtaliyanın tanınmış lipidoloqu, professor Alberico Catapano ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycanda lipidologiya sahəsinin inkişaf etdirilməsi və bu istiqamətdə Azərbaycan Kardiologiya Cəmiyyəti ilə beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunmuşdur.