04-05-2026
Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Hədəf 130/80” layihəsi çərçivəsində tibbi müayinə aksiyası və maarifləndirmə tədbirləri təşkil olunub. Layihə AKC, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “Servier Azərbaycan” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilib.
Tədbir çərçivəsində çıxış edən AKC-nin sədri Yasmin Rüstəmova, AMEA-nın vitse-prezidenti İradə Hüseynova, İSİM-in direktor müavini Qəhrəman Haqverdiyev və layihə rəhbəri Ülvi Mirzoyev layihənin əhəmiyyətini vurğulayaraq, qeyri-infeksion xəstəliklərin profilaktikasında erkən diaqnostikanın, mütəmadi tibbi müayinələrin və sağlam həyat tərzinin təşviqinin mühüm rol oynadığını bildiriblər.
Qeyd olunub ki, “Hədəf 130/80” layihəsi arterial hipertenziyanın vaxtında aşkarlanmasına, risk faktorlarının azaldılmasına və əhali arasında profilaktik yanaşmanın formalaşdırılmasına xidmət edir. Layihə çərçivəsində keçirilən müayinələr və maarifləndirmə tədbirləri insanların öz sağlamlıqlarına daha məsuliyyətli yanaşmasına töhfə verir.
Rəsmi hissədən sonra müayinə aksiyasına start verilib. Aksiya çərçivəsində AMEA əməkdaşlarının arterial təzyiqi ölçülüb, ürək-damar sistemi qiymətləndirilib və iştirakçılara fərdi tibbi məsləhətlər təqdim olunub.
Qeyd edək ki, “Hədəf 130/80” layihəsi çərçivəsində təşkil olunan tibbi müayinə aksiyası üç gün davam edib.