23-02-2026
20–21 fevral 2026-cı il tarixlərində Azərbaycan Kardiologiya Cəmiyyəti tərəfindən Hilton Baku Oteldə təşkil olunan “Kardiometabolik və Nadir Xəstəliklər Konqresi” uğurla keçirildi. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 14 DTT (Davamlı Tibbi Təhsil) kredit balı ilə akkreditasiya edilmişdir.
Qeyd edək ki, iki ildən bir yenilənən Cəmiyyət strukturunun yeni heyəti üçün bu konqres ilk genişmiqyaslı elmi tədbir olmuşdur. Konqres çərçivəsində kardiometabolik və nadir xəstəliklər sahəsində aktual elmi mövzular, müasir diaqnostik və müalicə yanaşmaları, klinik praktikada tətbiq olunan yeniliklər geniş şəkildə müzakirə edilmişdir.
Tədbirin açılış mərasimində Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri tibb elmləri doktoru Yasmin Rüstəmova, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev, Azərbaycan Tibb Universiteti-nin elmi işlər üzrə prorektoru, professor Məlahət Sultanova və Elmi-Tədqiqat Kardiologiya İnstitutu-nun direktoru, professor Gülnaz Dadaşova çıxış etmişlər. Çıxışlarda ölkəmizdə kardiologiya sahəsində aparılan islahatlar, elmi potensialın gücləndirilməsi və multidissiplinar əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır.
İki gün davam edən konqresdə arterial hipertenziya, hiperlipidemiya, kardiorenal sindrom, şəkərli diabet, nadir ürək-damar xəstəlikləri və digər aktual mövzular üzrə panel iclasları və klinik hal sessiyaları təşkil olunmuşdur. Eyni zamanda, Azərbaycan Kardiologiya Cəmiyyətinin konqresləri tarixində ilk dəfə olaraq hər günün sonunda “Günün icmalı” təqdim edilmişdir. Bu format çərçivəsində gün ərzində müzakirə olunan əsas məqamlar ümumiləşdirilərək iştirakçılara təqdim olunmuş, elmi məlumatların sistemləşdirilməsi və yadda saxlanılması baxımından əlavə dəyər yaradılmışdır. Yerli mütəxəssislərin iştirakı ilə aparılan müzakirələr praktik yanaşmaların təkmilləşdirilməsinə və sübutlara əsaslanan tibbi qərarların təşviqinə xidmət etmişdir.
“Kardiometabolik və Nadir Xəstəliklər Konqresi” ölkəmizdə kardiologiya və əlaqəli ixtisas sahələrində elmi biliklərin artırılması, təcrübə mübadiləsinin genişləndirilməsi və səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.