05-03-2026
Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə 03 mart 2026-cı il
tarixində Tibb Universitetinin Qırmızı Zalında “Qadın ürəyi – sağlam həyat:
Azərbaycan tibbinin güclü qadınları” adlı tədbir keçirildi.
Tədbirin əsas məqsədi qadınlarda ürək-damar sağlamlığına diqqətin
artırılması, multidissiplinar yanaşmanın təşviqi və eyni zamanda Azərbaycan
tibbinin inkişafında mühüm rol oynamış qadın həkim və alimlərin fəaliyyətinin
ictimaiyyətə təqdim olunması idi.
Tədbirin rəsmi açılışında çıxış edən Azərbaycan Kardiologiya Cəmiyyətinin
sədri, t.e.d. Yasmin Rüstəmova qadınların səhiyyə sistemindəki rolundan, onların
elmi və klinik sahədə qazandıqları nailiyyətlərdən bəhs etdi.
Açılış mərasimi çərçivəsində Azərbaycan tibbinin və xüsusilə kardiologiyanın
inkişafına mühüm töhfələr vermiş qadın simalar təltif olundu. Təltif olunanlar
arasında uzun illər Azərbaycan kardiologiyasına xidmət göstərmiş Dr. Məlahət
Əsgərzadə və Dr. Əzizə Aşurova, ölkədə exokardioqrafiyanın əsasını qoymuş ilk
qadın mütəxəssis Dr. Elnarə Rəfibəyli, elmi tədqiqatların və klinik praktikaya
inteqrasiyanın inkişafında mühüm rolu olan Dos. Dr. Rəhimə Qabulova yer aldı.
Həmçinin ölkəmizin ilk qadın invaziv kardioloqları Dr. Sevinc Nəcəfova və
Dr. Şəfəq Nəzirovanın peşəkar fəaliyyəti xüsusi qeyd edildi. Ailə təbabəti sahəsində
məktəb yaratmış Prof. Səadət Mahmudovanın, eləcə də səhiyyə idarəçiliyində
liderlik nümunəsi göstərən Prof. Məlahət Sultanova, Prof. Gülnaz Dadaşova və Dr.
Sevda Əlizadənin fəaliyyəti yüksək qiymətləndirildi.
Qeyd olunur ki,Yasmin Rüstəmova Azərbaycan Kardiologiya Cəmiyyətinin
ilk qadın sədridir. Bu fakt özlüyündə ölkədə tibbi liderlik mühitində qadınların artan
rolunun və institusional səviyyədə etimadın göstəricisidir. Güclü səhiyyə sistemi isə
yalnız texnologiya və infrastrukturla deyil, eyni zamanda peşəsinə sadiq, fədakar və
prinsipial qadın həkimlərin zəhməti üzərində formalaşır.
Tədbirin məqsədinin qadınlarda ürək-damar xəstəliklərinin erkən
aşkarlanması, risk faktorlarının azaldılması və sağlam həyat tərzinin təşviqi olduğu
bildirildi.
Elmi proqramda qadın ürəyinin xüsusiyyətləri, hormonal dəyişikliklərin ürək
sağlamlığına təsiri, düzgün qidalanma, stressin idarə olunması və ailə–peşə balansı
kimi aktual mövzularda məruzələr təqdim edildi və interaktiv müzakirələr aparıldı.
“Qadın ürəyi – sağlam həyat: Azərbaycan tibbinin güclü qadınları” tədbiri
həm elmi konfrans, həm də səhiyyə tariximizdə iz qoymuş qadınların əməyinə
ehtiram ifadəsi kimi yadda qaldı. Tədbir bir daha nümayiş etdirdi ki, Azərbaycan
səhiyyəsinin inkişafında qadın liderliyi və peşəkarlığı həlledici və aparıcı rol
oynayır.