Azərbaycan Kardiologiya Cəmiyyətinin nümayəndəsi beynəlxalq konqresdə məruzəçi və moderator olub
23–25 oktyabr 2026-cı il tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində Dünya Ürək Çatışmazlığı Cəmiyyətinin (World Heart Failure Society – WHFS) təşkilatçılığı ilə beynəlxalq elmi konqres keçirilib.
Ürək çatışmazlığının diaqnostikası və müalicəsində müasir yanaşmalara, innovativ metodlara və kardiologiyanın aktual problemlərinə həsr olunan konqresdə ABŞ, Yaponiya, Avropa ölkələri və dünyanın digər aparıcı tibb mərkəzlərindən olan tanınmış alimlər, professorlar və mütəxəssislər iştirak ediblər.
Azərbaycan Kardiologiya Cəmiyyətini təmsil edən Ürək Çatışmazlığı İşçi Qrupunun üzvü, həkim-kardioloq İlahə Abdurəhmanova konqresin rəsmi elmi proqramında yer alaraq beynəlxalq auditoriya qarşısında həm məruzəçi, həm də sessiya moderatoru kimi çıxış edib.
Mütəxəssisimizin bu mötəbər elmi platformada iştirakı Azərbaycan kardiologiyasının beynəlxalq elmi əməkdaşlıqda təmsil olunması, qabaqcıl təcrübələrin öyrənilməsi və müasir tibbi biliklərin ölkəmizdə tətbiqi baxımından əhəmiyyət daşıyır.
Azərbaycan Kardiologiya Cəmiyyəti İlahə Abdurəhmanovanı bu uğuru münasibətilə təbrik edir, elmi və peşəkar fəaliyyətində yeni nailiyyətlər arzulayır!