07-04-2026
Azərbaycan Kardiologiya Cəmiyyətinin Aritmiya İşçi Qrupunun təşkilatçılığı ilə ilk elektrokardioqramma kursu 3–5 aprel 2026-cı il tarixlərində Gəncə şəhərində uğurla baş tutdu. Kurs Gəncəbasar bölgəsində fəaliyyət göstərən kardioloqlar, terapevtlər və təcili yardım həkimləri üçün təşkil olunmuşdu.
Təlim proqramı Aritmiya İşçi Qrupunun rəhbəri, aritmoloq Günay Rəhimova, eləcə də aritmoloqlar Tural Məmmədzadə, Ceyhun Umudov və kardioloq Nailə Zərbəliyeva tərəfindən təqdim edildi. Kurs çərçivəsində elektrokardioqrammanın nəzəri və praktik əsasları iştirakçılara ətraflı şəkildə çatdırıldı, klinik halların təhlili və interaktiv müzakirələr vasitəsilə mövzu daha dərindən mənimsədildi.
Yüksək maraq və fəal iştirakla yadda qalan kursun sonunda iştirakçılar üçün formal imtahan keçirildi. İmtahanda ən yüksək nəticəni göstərən Kürdəmir Rayon Xəstəxanasının kardioloqu Ellada Cəfərova Türkiyədə bir həftəlik ixtisasartırma kursu ilə mükafatlandırıldı. İkinci yerin qalibi, Gəncə Şəhər Xəstəxanasının kardioloqu Vilayət İsmaylov elektrokardioqramma cihazı, üçüncü və dördüncü yerləri bölüşən Şəmkir Rayon Xəstəxanasının həkimləri Elnarə Yusifova və Lətafət Cəfərova isə Littmann stetoskopu qazandılar.
Qeyd edək ki, kurs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 14 DTT balı ilə akkreditə olunub. Bu da proqramın peşəkar inkişaf baxımından əhəmiyyətini və elmi-praktik dəyərini bir daha təsdiqləyir.
Azərbaycan Kardiologiya Cəmiyyətinin Aritmiya İşçi Qrupu regionlarda həkimlərin davamlı tibbi təhsilinə töhfə vermək məqsədilə bu təşəbbüsü davam etdirəcək. Növbəti elektrokardioqramma kursunun may ayının sonunda Şəki şəhərində keçirilməsi planlaşdırılır.