04-06-2025
Ürək çatışmazlığı sahəsində ən son elmi yeniliklərə həsr olunmuş bu mötəbər kurs Avropa Ürək Çatışmazlığı Assosiasiyası tərəfindən təsdiqlənib və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 23 Davamlı Tibb Təhsili (DTT) kredit balı ilə akkreditasiya olunub.
Tədbirə 200-dən çox yerli və xarici kardioloq və tibb mütəxəssisi qatılıb. Kurs çərçivəsində ürək çatışmazlığının diaqnostikası, müalicəsi, cihaz terapiyası, görüntüləmə və rəqəmsal səhiyyə sahəsində ən müasir yanaşmalar təqdim olunub.
Elmi proqramda ABŞ, Böyük Britaniya, İsveçrə, Almaniya, Türkiyə və digər ölkələrdən gəlmiş tanınmış ekspertlər – o cümlədən Prof. Thomas F. Lüscher, Prof. Mandeep Mehra, Prof. Theresa McDonagh və digərləri iştirak ediblər. Onların təqdimatları və panel müzakirələri kursun yüksək elmi səviyyədə keçməsinə töhfə verib.
Bundan əlavə, kurs çərçivəsində “hands-on” və simulyator sessiyaları, o cümlədən sağ ürək kateterizasiyası və transözofageal exokardioqrafiya üzrə praktiki təlimlər də təşkil olunub.
“MasterCourse in Heart Failure – Baku 2025” beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi təcrübə mübadiləsinin təşviqi və Azərbaycan kardiologiyasının beynəlxalq arenada təmsil olunması baxımından əlamətdar hadisə olub.