17-06-2026
Azərbaycan Kardiologiya Cəmiyyətinin V Ürək Çatışmazlığında Yeniliklər Konqresi uğurla keçirildi.
12 iyun 2026-cı il tarixində Bakı şəhərində, Fairmont Baku Hotelində Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə V Ürək Çatışmazlığında Yeniliklər Konqresi keçirilmişdir.
Ölkənin müxtəlif tibb müəssisələrini təmsil edən 400-ə yaxın həkimin iştirak etdiyi konqres ürək çatışmazlığı sahəsində müasir diaqnostik və müalicə yanaşmalarının, beynəlxalq klinik tövsiyələrin və aktual elmi yeniliklərin müzakirəsi üçün mühüm elmi platforma olmuşdur.
Konqres çərçivəsində yerli mütəxəssislərlə yanaşı, xarici ölkələrdən dəvət olunmuş tanınmış ekspertlər tərəfindən məruzələr təqdim edilmiş, iştirakçılarla geniş elmi müzakirələr aparılmışdır. Tədbir beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və ölkəmizdə kardiologiya sahəsində peşəkar inkişafın təşviqi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
Konqres proqramı çərçivəsində Azərbaycan Kardiologiya Cəmiyyətinin növbəti Board imtahanı təşkil olunmuş, iştirakçıların nəzəri bilik və peşəkar hazırlıq səviyyəsi qiymətləndirilmişdir.
Tədbirin diqqətçəkən hissələrindən biri də ənənəvi olaraq keçirilən, görkəmli kardioloq Gülməməd Hacıyevin xatirəsinə həsr olunmuş Klinik Hal Yarışması olmuşdur. Yarışmada gənc həkimlər maraqlı və mürəkkəb klinik halları təqdim edərək öz peşəkar bacarıqlarını nümayiş etdirmişlər.
Münsiflər heyətinin qərarına əsasən müsabiqənin I yer qalibi "Sağ mədəciyin sərbəst divarının yırtılmasına bağlı biventrikulyar çatışmazlıq" adlı təqdimatla Afaq Musayeva olmuşdur. Qalibə mükafat olaraq Türk Kardiologiya Cəmiyyətinin 3 noyabr 2026-cı il tarixində Antalya şəhərində keçiriləcək 42-ci Milli Konqresində iştirak üçün qeydiyyat dəstəyi təqdim edilmişdir. II yerə Fidan Əliyeva layiq görülmüşdür. III yer isə Ayan Ağayeva və Anar Kərimxanov arasında bölüşdürülmüşdür.
Konqres çərçivəsində həmçinin Azərbaycan Kardiologiya Cəmiyyətinin akkreditasiya proqramını uğurla tamamlamış həkimlərin təltifetmə mərasimi keçirilmiş, onlara müvafiq sertifikatlar təqdim olunmuşdur. Bu mərasim ölkədə davamlı tibbi təhsilin və peşəkar inkişafın təşviqi istiqamətində həyata keçirilən fəaliyyətlərin mühüm tərkib hissəsi olmuşdur.
V Ürək Çatışmazlığında Yeniliklər Konqresi yüksək elmi və təşkilati səviyyədə baş tutmuş, ürək çatışmazlığının diaqnostikası, müalicəsi və xəstə idarəetməsi sahəsində ən son yeniliklərin müzakirəsinə geniş imkan yaratmışdır. Tədbir çərçivəsində aparılan elmi müzakirələr və təcrübə mübadiləsi iştirakçı həkimlərin peşəkar biliklərinin artırılmasına, müasir klinik yanaşmaların tətbiqinə və nəticə etibarilə xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə töhfə vermişdir.